İQTİSADİYYAT
İnam Kərimov: Əsas məqsədimiz müasir, innovativ aqrobiznes mühitinin qorunub saxlanılmasıdır
Bakı, 28 sentyabr, AZƏRTAC
Ölkədə aqrobiznes sahələrinin inkişafı üçün daha əlverişli mühitin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətində prioritet vəzifələrdən biri kimi bəyan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar” mövzusunda keçirilən ictimai müzakirədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
Kənd təsərrüfatı naziri deyib: Bu cür ictimai müzakirələrin aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirərək beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün üsul və vasitələri müəyyənləşdirmək baxımından çox vacibdir. O cümlədən aqrobiznesin inkişafında dövlətin müəyyənləşdirdiyi dəstək tədbirləri, güzəştlərin müəyyən edilməsi, bu sahədə maarifləndirmənin artırılması istiqamətində tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Aqrobiznesin dayanıqlı inkişaf məqsədlərinə xidmət edən dövlət tədbirləri çoxşahəlidir. Ölkədə aqrobiznes sahələri üzrə həyata keçirilən dəstək tədbirlərini şərti olaraq 3 hissəyə ayırmaq mümkündür. Birinci istiqamət, aqrar sahə üzrə həyata keçirilən genişmiqyaslı subsidiya tədbirləri ilə bağlıdır. Hər bir bitkiçilik məhsuluna görə əkin subsidiyası verilir, xüsusilə intensiv əkinlərə görə daha böyük məbləğdə subsidiya ayrılır. Həmçinin pambıq, tütün, şəkər çuğunduru və barama kimi sənaye xammalı olan məhsullar üzrə məhsul subsidiyası verilir. Aqrar subsidiya siyasətinin bir istiqaməti də bu sahəyə investisiya qoyuluşunun stimullaşdırılmasına xidmət edir. Belə ki, fermerlərin aldıqları bütün növ kənd təsərrüfatı texnikalarının, habelə müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi, həmçinin də bu texnika və avadanlıqların lizinqlə satışına görə faizlər dövlət tərəfindən subsidiyalaşdırılır və 40 faiz güzəştli kredit formasında verilir. Fermerlərimiz yalnız 20 faiz ilkin ödəniş etməklə bu texnikaları əldə edirlər. Heyvandarlıq sahəsində intensiv ferma modelinin genişləndirilməsi üçün cins malların isə dəyərinin 60 faizi subsidiyalaşdırılır.
Aqrobiznes sahəsinin daha da asanlaşdırılması, bu sahədə şəffaflığın təmin edilməsi üçün artıq üç ildir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) formalaşdırılıb. Bu sistem məhsulun yaranmasından təhvil verilməsinə qədər bütün prosesi əhatə edir. EKTİS fermerlərə istənilən yerdə və istənilən vaxt bütün xidmətlərə asan çıxış imkanı yaradır.
İnam Kərimov qeyd edib ki, ikinci istiqamət, aqrobiznes sahələri üzrə vergi-gömrük güzəştlərinin verilməsidir. Hazırda aqrobiznes sahələri üzrə vergi-gömrük güzəştləri bir sıra istiqamətlərdə demək olar ki, bütün dəyər zəncirini əhatə edir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergilərdən azad olması ilə yanaşı, toxum, gübrə, pestisid, kənd təsərrüfatı texnikalarının, yem və yem əlavələrinin satışı vergilərdən azaddır. Buğda, heyvan və quş ətinin satışı ƏDV-dən azad olmaqla bərabər, digər kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına görə ƏDV ticarət əlavəsinə görə tətbiq edilir. Yem və yem əlavələrinin satışının vergidən azad edilməsi, habelə ƏDV-nin ticarət əlavəsinə görə tətbiqi siyasəti cari ildən başlayıb. Bunlarla bərabər, çox sayda ilkin emal avadanlıqlarının idxalı və satışı vergilərdən azaddır.
Üçüncü istiqamət, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə müəyyən edilən investisiya təşviqi siyasəti tədbirləridir. Bu siyasət çərçivəsində tətbiq edilən əlavə güzəştlər intensiv bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrini, habelə “Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması” və “Qida məhsullarının xüsusi nəqliyyat vasitələri (refrejerator) ilə daşınması” xidmətlərinə də şamil olunur.
“Aqrobiznes sahəsində torpaq sahələrindən və su resurslarından effektiv istifadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlədən aqrar sektorda emalın dərinləşməsi, ixrac imkanlarının artırılması və yeni ixrac kanallarının tapılması, müasir texnologiyaların tətbiqi və elmi yanaşma, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə, klasterləşmənin tətbiqi, fermerlərin, sahibkarların maarifləndirilməsi işinin daha da genişləndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinin təmin olunması əsas çağırışlardan hesab olunur. Biz dünyada baş verən iqtisadi və ekoloji, o cümlədən iqlim dəyişikliyi ilə bağlı proseslər qarşısındayıq. Daim yeni çağırışlar yaranır. Ona görə də əsas məqsədimiz yeni çağırışlara uyğun olaraq yeni və müasir, innovativ aqrobiznes mühitinin daim qorunub saxlanılmasıdır”, - deyə İnam Kərimov qeyd edib.