SİYASƏT
İndoneziya saytları AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünə dair məqaləsini yayıb
Cakarta, 18 oktyabr, AZƏRTAC
İndoneziya saytları AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin Azərbaycanda müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə dair məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük uğurlarla qeyd edir” sərlövhəli məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın ötən dövrdə qazandığı nailiyyətlərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə böyük uğurlara imza atıb. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanı yalnız regionun deyil, həm də dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Uğurla həyata keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın dünyanın aparıcı ölkələri ilə bərabər səviyyəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına şərait yaradıb.
İngilis və İndoneziya dillərində yayılan məqalədə Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə birlikdə həyata keçirdiyi Bakı Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2020-ci ilin dekabrında istifadəyə verilmiş TAP boru kəmərinin Avropanın enerji təminatında mühüm rolu xüsusi qeyd edilib.
Ötən ilin sentyabrında başlamış Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazandığı yazıda xüsusi vurğulanıb. Bildirilib ki, bütün dünyanın heyran qaldığı 44 günlük müharibə nəticəsində Ermənistan ordusunun işğalından azad edilən ərazilərdə hazırda bərpa və quruculuq işləri böyük sürətlə davam etdirilir. Azərbaycan dost ölkələrlə birlikdə burada “ağıllı” şəhər və kəndlərin salınması işlərinə start verib.
Məqalədə ötən 30 ildə Azərbaycanın artıq bütün dünyada yalnız iqtisadi cəhətdən inkişaf etmiş dövlət deyil, həmçinin mühüm beynəlxalq tədbirlərin reallaşdırıldığı mühüm məkana çevrildiyi də oxucuların diqqətinə çatdırılıb.