DÜNYA
İndoneziyada güclü daşqınlar 1,5 min evi su altında qoyub
Bakı, 26 oktyabr, AZƏRTAC
Leysan yağışları səbəbindən baş verən güclü daşqınlar İndoneziyanın şimalında yerləşən Qorontalo əyalətində 1,5 min yaşayış evini su altında qoyub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, daşqınlar nəticəsində ölkənin bəzi rayonlarında suyun səviyyəsi 50-100 santimetr qalxıb. Qorontalo əyalətinin ərazisindən keçən dörd çay məcrasından çıxaraq bir çox yerlərdə yolları və körpüləri zədələyib.
Mütəxəssislərin fikrincə, İndoneziyada yağışlar mövsümündə mütəmadi olaraq baş verən sürüşmə və daşqınlar meşələrin aktiv şəkildə qırılması nəticəsində daha da artıb.
Xatırladaq ki, 2014-cü ilin dekabr ayında Mərkəzi Yava əyalətinin Cemblunq şəhərciyi yaxınlığında baş verən sürüşmə nəticəsində 100 nəfərdən artıq insan həyatını itirmişdi. 2010-cu ilin oktyabrında isə Qərbi Papua əyalətində hündürlüyü üç metrə çatan palçıq seli evləri və körpüləri uçuraraq Vasior şəhərinə böyük ziyan vurmuşdu. O vaxt 160-dan çox insan təbii fəlakətin qurbanı olmuşdu.