DÜNYA
İndoneziyada sunaminin zərər vurduğu rayonlardan 40 mindən çox sakin təxliyə olunub
Tokio, 28 dekabr, AZƏRTAC
İndoneziyanın hakimiyyət orqanları dekabrın 22-də Anak-Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunaminin zərər vurduğu rayonlardan 40 mindən çox insanı təxliyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 28-də Cakartada təşkil olunan mətbuat konfransında Fövqəladə Hallar Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib. Bildirib ki, sakinlər fəlakətin nəticələri aradan qaldırıldıqdan, sunaminin dağıtdığı evlərin və infrastrukturun təmirindən sonra daimi yaşayış yerlərinə qayıdacaqlar.
Xatırladaq ki, dekabrın 22-də Anak-Krakatau vulkanının fəallaşması nəticəsində Yava və Sumatra adalarının arasındakı Zond boğazı sahilləri sunami altında qalıb. Son məlumata görə, təbii fəlakət nəticəsində 430 nəfər həlak olub, 1500 nəfər tibbi yardım üçün müraciət edib. Daha 159 nəfərin itkin düşdüyü bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio