MƏDƏNİYYƏT
“Inforadio” ictimai radiosunun jurnalisti Azərbaycanla bağlı təəssüratlarını bölüşüb
Berlin, 26 oktyabr, AZƏRTAC
“Inforadio” ictimai radiosunun “Unterwegs” verilişinin internet səhifəsində adıçəkilən kanalın əməkdaşı Oliver Şooşun (Oliver Soos) Azərbaycana səfərini təsvir edən reportaj (https://www.inforadio.de/) yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, jurnalistin Azərbaycanla tanışlığı onun Qobustan Milli Tarix-Bədii Qoruğuna səfəri ilə başlayır. O, paytaxt Bakı şəhərindən 60 kilometr məsafədə yerləşən Qoruğun UNESKO-nun Dünya İrsi siyahısına daxil edildiyini, burada qədim incəsənət nümunələrinin olduğunu dinləyicilərin nəzərinə çatdırır. Qoruğun ərazisində 14-16 min il tarixə malik olan altı mindən çox qayaüstü rəsmin olduğunu qeyd edən Şooş, buradakı rəsmlərin döyüş, ritual rəqs səhnələrini, dəvə karvanlarını, günəş və ulduzları əks etdirdiyini bildirir.
Qobustandan sonra Bakı ətrafında yerləşən palçıq vulkanlarını ziyarət edən jurnalist dünyadakı təqribən 800 palçıq vulkanından 300-nün Azərbaycanda yerləşdiyini diqqətə çatdırır. Palçıq vulkanlarından birinin üzərinə çıxan Şooş onu təsvir edərək, vulkanın mərkəzindən təbii qazın çıxdığını qeyd edir. Səfər zamanı onu müşayiət edən azərbaycanlı bələdçi palçıq vulkanından çıxan palçığın insan üçün faydasından söz açır və ondan kosmetik məhsullarının istehsalında geniş istifadə edildiyi vurğulayır.
Səfərini Bakı şəhərində başa vuran Şooş şəhəri təsvir edərkən onun valehedici olduğunu bildirir. Bakıda Dənizkənarı Bulvar boyunca inşa edilmiş müasir göydələnlərin Dubay şəhərini, şəhərin mərkəzinin Parisi, qədim içərişəhərin isə Qüdsü xatırlatdığını nəzərə çatdırır və dinləyicilərə bura səfər etməyi tövsiyə edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin