İDMAN
İngiltərə Premyer Liqası: "Çelsi"-"Liverpul" oyununda qalib müəyyənləşməyib
Bakı, 29 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 29-da İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda “Stenford Bric” stadionunda keçirilib. “Çelsi” doğma meydanda “Liverpul” klubunu qəbul edib. Görüşə daha aktiv başlayan “Liverpul” klubu rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı meydan sahibləri açıblar. Mateo Kovaçeçin ötürməsindən sonra komandanın əsas qol silahı sayilan Eden Hazard hesabı açıb - 1:0. Londonlular fasiləyə üstün yollanıblar.
Qarşılaşmanın ikinci hissəsində hər iki qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaransa da, hesab 89-cu dəqiqədə dəyişib. "Liverpul" klubu hesaba tarazlıq gətirib. Daniel Stariç adını tabloya yazdırıb.
Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti" klubu doğma meydanda "Brayton" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrinin heyətində Rəhim Sterlinq və Serxio Aquera fərqləniblər.
UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Arsenal" klubu liderlər qrupunda qərarlaşan "Vatford" komandasını qəbul edib. Oyun “Arsenal” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun ən gözlənilməz hesabı isə "London" stadionunda qeydə alınıb. Həmin görüşdə "Mançester Yunayted" klubu səfərdə "Vest Ham" komandasına 3:1 hesabı ilə məğlub olub.
Yeddinci turun digər oyunlarında bu nəticələr qeydə alınıb:
"Everton" - "Fulham" - 3:0
"Haddersfild" - "Tottenhem" - 0:2
"Nyukasl Yunayted" - "Lester Siti" - 0:2
"Vorvelhempton" - "Sauthempton" - 2:0
Qeyd edək ki, yeddinci tura sentyabrın 30-da "Kardiff"-"Börnli" və oktyabrın 1-də "Bormunt"-"Kristal Palas" oyunları ilə yekun vurulacaq.
Yeddi turdan sonra turnir cədvəlinə aktivlərində 19 xal olan "Mançester Siti" və "Liverpul" klubları başçılıq edir. 17 xalla "Çelsi" üçüncü, "Tottenhem" isə 15 xalla dördüncü yerdə qərarlaşıb.