ELM VƏ TƏHSİL
“İnnovasiya sahibkarlığı və texnoparklar” kitabının təqdimatı olub
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) eksperti, Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımovun və Fərid Cəbiyevin həmmüəllifi olduqları “İnnovasiya sahibkarlığı və texnoparklar” kitabı təqdim edilib. Kitab “Azərsu” ASC-nin və AMEA YTP-nin dəstəyi ilə nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə YTP-nin direktoru Vüqar Babayev kitabın mövzusunun aktuallığından danışıb. Bildirib ki, dünyada qloballaşmanın, yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər, həmçinin rəqabət anlayışının aktuallaşması iqtisadiyyatda innovasiyalara əsaslanan yanaşmaları zəruri edir. Son zamanlar qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadi potensialın səmərəliliyi Azərbaycanda ən aktual sahələrdən birinə çevrilib. Qeyd edilib ki, innovasiya sahibkarlığının inkişaf etdirilməsi sənayeləşmədən informasiya cəmiyyətinə keçid prosesi ilə birlikdə daha çox əhəmiyyət kəsb edir.
Sonra İsa Qasımov həmmüəllifi olduğu kitab barədə ətraflı məlumat verib. Bildirib ki, yeni nəşr Azərbaycanda yüksək texnologiyaların, o cümlədən innovasiyaların tətbiqinə əsaslanan sahibkarlığın inkişafının aktuallığı müstəvisində əhəmiyyət kəsb edir. Kitabda verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı dünya təcrübəsinin öyrənilməsi, innovasiya sahibkarlığında əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynayacaq.