İQTİSADİYYAT
İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb
Bakı, 16 avqust, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır. Əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək.
“Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilmişdi. Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırdılar və bu da onların təhlükəsizliyi baxımından ciddi problem yaradırdı”, - deyə BNA-dan bildirilib.