SİYASƏT
İordaniyalı jurnalist: Militarist Ermənistan Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalır
Qahirə, 8 iyun, AZƏRTAC
Militarist Ermənistan dövləti Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalır və onun törətdiyi cinayətlər beynəlxalq ictimaiyyətə açıq təhdiddir. İşğal etdikləri əraziləri minalayan və müharibədən sonra da mülki şəxslər üçün təhlükə mənbəyinə çevrilən erməni silahlı qüvvələrinin bu əməlləri nəticəsində AZƏRTAC-ın və Azərbaycan Televiziyasının əməkdaşlarının tank əleyhinə minaya düşərək həyatlarını itirmələri vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iordaniyalı jurnalist, Azərbaycanın İordaniyadakı Dostları Təşəbbüs Qrupunun rəhbəri Əbdülhəmid Əl-Kibinin “Əl Hərir” informasiya portalında dərc olunmuş məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, azərbaycanlı jurnalistlərin həlak olması ermənilərin öz cinayətkar əməllərindən əl çəkmədiyini göstərir. Müəllif yazır: “Bu dəhşətli cinayət beynəlxalq ictimaiyyətə meydan oxumaqdır, çünki media nümayəndələrinin qətli dünyadakı bütün jurnalistlərə qarşı törədilmiş vəhşilik aktıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən xarici media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların qurbanı ola bilərlər”.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan minalanmış ərazilərin xəritələrini təqdim etməklə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət ünvanlayıb, lakin ermənilər bundan imtina edir və ümumiyyətlə, Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirirlər.
Məqalənin sonunda qeyd olunur: “Azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı AZƏRTAC-ın və Azərbaycan Televiziyasının kollektivlərinə dərin hüznlə başsağlığı verirəm. Eyni zamanda, media nümayəndələrinə, habelə mülki şəxslərə qarşı bu cinayətləri qətiyyətlə pisləyərək, BMT və hüquq-mühafizə təşkilatlarından təcili təhqiqat aparılmasını, Beynəlxalq Jurnalistlər Federasiyasından isə hadisəyə obyektiv qiymət verilməsini tələb edirik.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə