REGİONLAR


“İpək Yolu” festivalının növbəti konserti görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyinə həsr olunub VİDEO

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 29-da günorta saatlarında Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. Kollektivin bədii rəhbəri və baş drijoru Şəhla Ələkbərovadır.

Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.

Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında çox böyük hadisədir.

Məlumat verilib ki, Azərbaycan Televiziya və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. 1948-ci ildən isə xora respublikanın Xalq Artisti Ramiz Mustafayev bədii rəhbərlik edib. Xor fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış müğənniləri, o cümlədən SSRİ Xalq artistləri Zeynəb Xanlarova, Lütviyar İmanov, Firəngiz Əhmədova, respublikanın Xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Əməkdar artistlər Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, Anatolu Qəniyev, Nərminə Məmmədova kimi sənətçilər bu kollektivlə əməkdaşlıq edib.

Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

Sonda Cövdət Hacıyevin oğlu musiqişünas İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.