DÜNYA
İranda COVID-19-un dördüncü dalğası ağır keçir
Tehran, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Rusiya növbəti dəfə İrana 100 min doza “Sputnik V” peyvəndi göndərəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali verib. O bildirib ki, Rusiya ilə əldə edilən razılaşmaya əsasən İrana 2 milyon doza peyvənd verilməlidir. Bu günə kimi İrana 700 min doza peyvənd göndərilib. Peyvəndin qalan hissəsi isə cari ilin sonuna kimi İrana veriləcək.
Nəzərə çatdıraq ki, koronavirus infeksiyasının 4-cü dalğası İranda vəziyyəti gərginləşdirib. Hökumətin qərarına əsasən bazarlar, ticarət mərkəzləri və mağazalar, restoran və kafe xidmətləri bağlanıb. Xidmətlər yalnız onlayn formada göstərilir.
COVID-19-a yoluxan xəstələri xəstəxanaya çatdırmaq üçün təcili yardım maşınları çatışmır. Tehranın bütün xəstəxanaları yoluxan xəstələrlə doludur. Həkim personalı arasında ölənlərin sayı artır.
Bu günə olan məlumata əsasən İranda 19 min 889 nəfər koronavirusa yoluxub, 385 nəfər isə ölüb. Ümumilikdə İranda virusa yoluxanların sayı 2 milyon 479 min 805 nəfərdir. Yoluxaraq ölənlərin sayı isə 71 min 351 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 1 milyon 938 min 64 nəfər sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 5 min 367 nəfərin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran