DÜNYA
İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb
Tehran, 30 iyul, AZƏRTAC
Koronavirusla mübarizə çərçivəsində İran alimləri yeni “Razi Kovo Pars” peyvəndi hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın elmi tədqiqat və texnologiya institutunun direktoru Məhəmməd Həsən Mehrabadi məlumat verib. Yeni peyvəndin kliniki sınaqdan keçirildiyini deyən direktor qeyd edib ki, bu, insan orqanizmini koronavirusun bütün növlərindən qorumaq imkanına malikdir. Könüllülər arasında keçirilən sınaqlar onu deməyə əsas verir ki, yeni peyvəndin heç bir əks təsiri yoxdur.
Məhəmməd Həsən Mehrabadinin sözlərinə görə yaxın gələcəkdə peyvəndin kütləvi istehsalına başlanılacaq.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində ölkə ərazisində 34 min 433 nəfər virusa yoluxub, 292 xəstə isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 3 milyon 826 min 447 nəfərə, ölənlərin sayı isə 90 min 74-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 5 min 296 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu günə kimi müalicə alan 3 milyon 32 min 65 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İranda koronavirusun 5-ci dalğası davam edir və virusun “Delta” adlanan növü daha çox yayılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran