DÜNYA
İranda qəzaya uğramış təyyarənin qara qutusunun yeri müəyyənləşib
Bakı, 22 fevral, AZƏRTAC
Mütəxəssislər ötən bazar günü İranda qəzaya uğramış ATR-72 təyyarəsinin qara qutusunun yerini müəyyənləşdirə biliblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qara qutunun olduğu yer müəyyənləşib. Mütəxəssislər qrupu həmin yerə getməyə və qara qutunu götürməyə hazırdır.
Qəzanın baş verdiyi çətin keçilən dağlıq ərazidə 100-dən çox xilasedici, həmçinin 7 helikopter sərnişinlərin və ekipaj üzvlərinin cəsədlərinin axtarışını davam etdirir. İndiyədək 32 nəfərin cəsədi aşkar olunub. Axtarış işləri 4-4,5 min metr hündürlükdə aparılır. Ərazidə qarın qalınlığı iki metrə çatır ki, bu da əməliyyatları çətinləşdirir.
Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub.