REGİONLAR
İşçi qruplar praktikliyi təmin etmək üçün iclaslarını işğaldan azad olunmuş ərazilərdə keçirəcəklər - Nüsrət Süleymanov VİDEO
Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC
Prezidentin Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı iki ildən çoxdur ki, bu ərazilərdə fəaliyyətini davam etdirməkdədir. Ötən müddət ərzində Qərargahın çoxsaylı iclasları keçirilib. Bu iclaslar zamanı işğaldan azad olunan ərazilərdəki müvafiq məsələlər - qayıdış, məşğulluq, dayanıqlı məşğulluğun təmin olunması, torpaq islahatları və s. ətraflı şəkildə müzakirə olunub. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.
“Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzdə 10 işçi qrup fəaliyyət göstərir. Onlardan biri də Şəhərsalma məsələləri üzrə işçi qrupudur. Keçən iki il müddətində işğaldan azad olunmuş ərazilərdə çox böyük irimiqyaslı bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilib. Artıq iki hava limanı fəaliyyət göstərir. Üçüncü hava limanının tikintisi üzrə işlər sürətlə davam edir. Digər infrastruktur layihələri də həyata keçirilməkdədir. 2023-cü ildə bu işlər daha da intensivləşəcək, dinamik xarakter alacaq. Ona görə də Qərargah rəhbərliyi tərəfindən belə bir tapşırıq verilib ki, İdarələrarası Mərkəz nəzdində fəaliyyət göstərən işçi qruplar praktikiliyi təmin etmək məqsədilə iclaslarını mütəmadi əsasda işğaldan azad olunmuş ərazilərdə keçirsinlər. Bu istiqamətdə ilk addım kimi də Şəhərsalma işçi qrupunun Ağdamda iclası keçirildi. Bundan sonra digər işçi qruplarının da iclaslarının işğaldan azad olunmuş ərazilərdə keçirilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.