CƏMİYYƏT


İşəgötürənlər arasında maarifləndirmə tədbirləri paytaxtın Xətai rayonunda davam etdirilib

Bakı, 29 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlər arasında maarifləndirmə tədbirlərini paytaxtın Xətai rayonunda davam etdirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xətai və Suraxanı rayonlarından olan işəgötürənlərin iştirak etdiyi seminar “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularını əhatə edib.

Tədbirdə kollektiv müqavilə və sazişlərin əmək münasibətlərinin tənzimlənməsinin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış etdiyi bildirilib. Kollektiv müqaviləni pozmağa görə müəssisənin vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb edildiyi qeyd olunub. Bu müqavilənin hazırlanması və bağlanması qaydaları, müqaviləyə bir qayda olaraq, hansı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin daxil edildiyi, həmin müqavilənin bir ildən üç ilədək müddətə bağlanıla bildiyi, kollektiv sazişin hazırlanması və bağlanması, məzmunu, qüvvədə olma müddəti, eləcə də mövzu ilə bağlı qanunvericilikdən irəli gələn digər qayda və prinsiplər diqqətə çatdırılıb.

Seminarda qeyri-rəsmi məşğulluq hallarının pərakəndə ticarət iqtisadi sahəsində də mövcud olduğu vurğulanıb. İqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi zərər vuran qeyri-rəsmi əmək münasibətlərinin işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olmalarına səbəb olduğu qeyd edilib. Tədbir iştirakçılarının qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin, bu sahədə öz səylərini artırmalarının vacibliyi diqqətə çatdırılıb.

Ayrı-ayrı işəgötürənlər də çıxış edərək müəssisələrində işçilərin əmək hüquqlarının təminatı, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində görülən işlər barəsində məlumat veriblər.

Sonra seminar iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.