REGİONLAR
İşğaldan azad olunmuş ərazilərin meliorasiya layihələrinin planlaşdırılmasında türkiyəli mütəxəssislər də iştirak edəcəklər
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Türkiyənin Dövlət Su İşləri qurumu ilə videokonfrans şəklində görüş keçirilib.
ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin sədr müavinləri Rafiq Aslanov və Zakir Quliyev, Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Məmməd Əsədov, “Azdövsutəslayihə” institutunun direktoru Elbrus Paşayev və Dövlət Su İşləri (DSİ) qurumunun baş direktoru Kaya Yıldız və digər səlahiyyətli nümayəndələr iştirak ediblər.
Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, su ehtiyatlarının bölgüsü və monitorinqi, DSİ-nin bilik və təcrübəsinin Azərbaycandakı mütəxəssislərlə bölüşdürülməsi, işğaldan azad olunmuş və digər ərazilərdə böyük layihələrin planlaşdırılması, birgə görüşlər nəticəsində müəyyənləşdiriləcək nöqtələrdə DSİ-nin müşahidə stansiyasını yaratmaq və digər məsələlərə baxılıb.
Görüşün sonunda Azərbaycan tərəfindən Cəmiyyətin sədr müavini Rafiq Aslanov, Türkiyə tərəfindən isə Etüt, Planlama və Tahsislər Dairəsinin sədri Nazmi Kağnıcıoğlu əlaqələndirici nümayəndə kimi seçiliblər və əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Su İşləri qurumunun nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçiriləcək.