CƏMİYYƏT
İsmayıllı sakinlərinin qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Bakı, 14 fevral, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri - Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63”, Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən bir ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan və qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.