CƏMİYYƏT
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Sərəncamda bu quruma edilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində İsmayıllı və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
İsmayıllıdakı mərkəzi uşaq kitabxanasında keçirilən tədbirdə Vəkillər Kollegiyasının üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olublar. Vəkillər sakinlərə müvafiq məsləhətlər verib, onları narahat edən məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar. Qəbulda 5 iddia ərizəsi, 3 apellyasiya şikayəti, müxtəlif orqan və qurumlara 10 şikayət yazılıb, 4 nəfərin sosial müavinətlərlə bağlı problemləri yerində həll edilib.
Bu cür tədbirlər respublikanın digər regionlarında da təşkil ediləcək.
Xatırladaq ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.