REGİONLAR
İsmayıllıda buğda zəmilərində orta məhsuldarlıq 36 sentnerdən çoxdur
İsmayıllı, 24 iyul, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini başa çatmaq üzrədir. Nikitin adına kolxoz istisna olmaqla, bütün ərazi dairələrində biçin yekunlaşıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq, habelə yazlıq əkinlər də daxil olmaqla bu mövsümdə 29 min 808,5 hektar zəminin məhsulu biçilir. Artıq 29 min 450 hektarın məhsulu yığılıb və 103 min 356,5 ton taxıl götürülüb. Zəmilərin hər hektarından orta məhsuldarlıq fermerləri və fiziki şəxsləri qane edir. Belə ki, taxılçılıq üçün heç də əlverişli olmayan builki mövsümdə rayonda buğda zəmilərinin hər hektarında məhsuldarlıq 36,3 sentnerdir. Rayonun bir sıra ərazilərində, o cümlədən İsmayıllı şəhər, Qoşakənd, Qalagah, Quşencə və digər ərazi dairələrində məhsuldarlıq daha yüksək olub.