REGİONLAR
İsmayıllıda kartof əkininə başlanılıb
İsmayıllı, 21 yanvar, AZƏRTAC
Kartofçuluq İsmayıllıda təsərrüfatın ənənəvi sahəsidir. Ciddi hazırlıqdan sonra rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd kəndlərində kartof əkininə başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 900 hektar sahədə kartof əkiləcəyi gözlənilir. Artıq şimal zonada da əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, şum çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub.
Yola saldığımız 2018-ci ildə rayonda 40415 ton kartof istehsal edilib. Bu da bölgə əhalisinin tələbatından 2 dəfə çoxdur. Son illər bölgədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkinə üstünlük verilir. Bu da təsadüfi deyil. Belə ki, bu üsulla əkilib becərilən sahələrin hər hektarından 300-400 sentner məhsul götürülür. Burovdal, Zərnava kəndlərində yetişdirilən kartof əmtəə xüsusiyyətlərinə görə xüsusilə fərqlənir.
Rayonda ilk dəfə olaraq kartof toxumçuluğu ilə məşğul olan təsərrüfat da yaradılıb.