DÜNYA
İspaniya: Mariano Raxoy yenidən Baş nazir olmağa daha bir cəhd göstərəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
İspaniyanın hazırkı Baş naziri Mariano Raxoy sentyabrın 2-də parlamenti onu bir daha Baş nazir postuna təyin etmək üçün inandırmağa çalışacaq. Əks halda, ölkədə bu il artıq üçüncü dəfə növbədənkənar parlament seçkiləri keçirilməli olacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, avqustun 30-da keçirilən səsvermədə Raxoyun Baş nazir seçilməsi üçün 6 səs çatmayıb. İndi isə ona sadə səs çoxluğu kifayət edəcək. Özünün Xalq Partiyasından əlavə Raxoyu mərkəzçi “Vətəndaşlar” Partiyası da dəstəkləyir.
Onun rəqibi parlamentdə 85 yerə sahib əsas müxalif qüvvə olan İspaniya Sosialist Əmək Partiyasının başçısı Pedro Sançesdir. Solçu radikal “Podemos” Partiyasının lideri Pablo İqlesias da Raxoya dəstək verməkdən imtina edib.
Xatırladaq ki, iyunun 26-da keçirilən parlament seçkilərində Mariano Raxoyun sağ mərkəzçi Xalq Partiyası opponentlərini üstələsə də, bu, koalisiya yaratmadan hökuməti formalaşdırmaq üçün kifayət etməyib.