DÜNYA


İspaniya turizm bazarında Türkiyənin əsas rəqibidir

Madrid, 3 dekabr, AZƏRTAC

Türkiyədə İspaniyanı turizm bazarında əsas rəqib hesab edirlər.

AZƏRTAC xəbər verir ki, Türkiyə Otelçilər Federasiyasının (TUROFED) rəhbəri Osman Ayık Türkiyənin potensial turizm imkanlarını qiymətləndirərkən öz ölkəsinin hər il 80 milyon turist qəbul edə biləcəyini söyləyib. Onun fikrincə, Aralıq dənizi bölgəsində Türkiyənin yeganə əsas rəqibi İspaniyadır. Son illərdə İspaniya hər il 80 milyon turist qəbul edir. Türkiyənin də eyni sayda turist qəbul etmək üçün hər cür imkanı var.

TUROFED federasiyasının hesablamalarına görə, böhranlı 2015-2016-cı illərdə Türkiyədə turizm sahəsi təqribən 50 milyard dollar itirib. Həmin müddətdə silsilə terror aktları və Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi üzündən yaranmış problemlər olmasaydı, artıq bu il Türkiyə gözlənilən 40 milyon turist əvəzinə 50 milyon qonaq qəbul edə bilərdi.

Osman Ayıkın sözlərinə görə, ötən il İspaniya 81,8 milyon turist qəbul edib və turizm hesabına 87 milyard dollar qazanc əldə olunub. Türkiyədə isə qəbul edilmiş turistlərin sayı 32,4 milyon, bu hesaba əldə edilmiş gəlirlərin məbləği 26,2 milyard dollar olub.

O. Ayık deyib: “Fərq çox ciddidir. Biz İspaniyanın təcrübəsini öyrənməli və onların bu qədər turist cəlb etməyə, bu qədər pul qazanmağa necə nail olduğunu anlamalıyıq”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.