DÜNYA
İsveçdə koronavirus COVID 19-a yoluxan daha 5 nəfər qeydə alınıb
Stokholm, 28 fevral, AZƏRTAC
İsveçdə 5 yeni koronavirus COVID 19-a yoluxan qeydə alınıb.
AZƏRTAC İsveç mediasına istinadən xəbər verir ki, bununla da İsveçdə ümumi virusa yoluxanların sayı yeddi nəfərə çatıb.
İsveç Xalq Sağlamlığı Agentliyinin (Folkhälsomyndigheten) məlumatına görə, beş yeni xəstə arasında həm Stokholmda, həm də ölkənin digər böyük şəhərlərində yaşayan insanlar var. Virus diaqnozu qoyulmuşlar arasında son zamanlar İran, İtaliya və Almaniya kimi ölkələrdən xarici səfərlərdən qayıdan insanlar üstünlük təşkil edir. Bununla belə, bir insandan digərinə yoluxma halı da ölkədə ilk dəfə Höteborq şəhərində bir virus daşıyıcısı ilə sıx təmasdan sonra iki nəfərdə aşkar edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID 19 ilə yoluxanların təxminən 80 faizində yüngül simptomlar müşahidə olunur. Virusa yoluxan yaşlı insanlar, yüksək təzyiq, ürək problemləri və ya şəkərli diabet kimi ciddi sağlamlıq problemləri olanlar digər yoluxanlardan daha ciddi fəsadlar yaşayır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm