MƏDƏNİYYƏT
İsveçrə otelləri yeni bronlaşdırma platforması ilə internet nəhənglərindən asılılığı azaltmaq istəyir
Bern, 25 dekabr, AZƏRTAC
Alp dağlarında yerləşən İsveçrə öz turizm imkanları ilə həm yay, həm də qış mövsümündə turistlərin sevimli məkanları sırasındadır. Ölkəyə yetərincə turist gəlməsinə baxmayaraq, otelçilər beynəlxalq onlayn bronlaşdırma portallarının (Booking, Expedia və s.) diktəsindən narazıdırlar. Beynəlxalq portallar öz xidmətləri üçün yüksək ödənişlər tələb edir, otellərin təklif və paketlərini idarə edir, öz biznes qaydalarına uyğun dəyişir və diktəedici mövqedə dayanırlar.
AZƏRTAC xəbər verir ki, vəziyyəti dəyişmək üçün İsveçrə Otelçilər Cəmiyyəti (Hotellerisuisse) öz bronlaşdırma portalını yaradacaq. Təşkilatın rəhbəri Andreas Tsülliq İsveçrə Teleradiosuna (SRF) bildirib ki, internet portalları müasir dövrdə artıq bronlaşdırma xidmətindən səyahət şirkətlərinə çevriliblər və müxtəlif ölkələrdə turist axınını idarə edir, qiymət siyasətləri ilə otelləri özlərindən asılı vəziyyətə salırlar. Bu isə kiçik və orta müəssisələri bu diktəni qəbul etməyə, əks halda isə turist axınından kənarda qalmağa məcbur edir.
“Discover Swiss” adlanan yeni portal növbəti ildən etibarən yüksək komisyon tələb edən qlobal şirkətlərlə müqayisədə yerli otelçilərə öz xidmətlərini münasib şərtlərlə təqdim edəcək. Portal turistlərə İsveçrədə səyahət edərkən otel seçimində elektron bələdçi kimi yardım etməlidir.
İki milyon İsveçrə frankı büdcəsi ilə start götürən platformanın milyardlarla frank dəyəri olan internet nəhəngləri qarşısında tab gətirə biləcəyini zaman göstərəcəkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern