İQTİSADİYYAT
İsveçrədə diplomatik korpus və rəsmilər Dünya İqtisadi Forumunun Bakı filialı barədə məlumatlandırılıblar
Bern, 7 fevral, AZƏRTAC
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Xəzər hövzəsi regionunun bu ölkədə akkreditə olunmuş səfirlərini və İsveçrə rəsmilərini Dünya İqtisadi Forumunun (WEF) Dördüncü Sənaye İnqilabı Mərkəzinin Bakıda filialının açılacağına dair məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, səfir son iki ildə Dünya İqtisadi Forumu ilə aparılan danışıqlar nəticəsində bu təşkilatla Azərbaycan arasında dördüncü sənaye inqilabı sahəsində intensiv əməkdaşlığın qurulduğunu bildirib. Qeyd edilib ki, bu ilin yanvarında Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Börge Brende arasında Davosda keçirilən görüşdə Dördüncü Sənaye İnqilabı Mərkəzi və Azərbaycan hökuməti arasında ilk dəfə əməkdaşlığı rəsmiləşdirən sənədin təntənəli mübadiləsi baş tutub.
2019-cu il ərzində Əməkdaşlıq Memorandumunun icrası çərçivəsində Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında əməkdaşlıq həyata keçirilib. Nəticə etibarilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin Bakı filialının təsis edilməsinə dair Niyyət Protokolu isə bu il yanvarın 21-də Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Börge Brende arasında Davosda keçirilən növbəti görüş çərçivəsində imzalanıb. Beləliklə, Azərbaycan bu cür filialların yaradılacağı çox məhdud sayda ölkələrdən birinə çevrilib.
Səfir X.İbrahimova həmsöhbətlərinin diqqətinə çatdırıb ki, hazırda filialın təsis olunması istiqamətində işlər davam etdirilir.
O da vurğulanmalıdır ki, Bakı filialı Xəzər hövzəsi regionunda bu günə kimi təsis ediləcək ilk mərkəz olacaq və bu qurum regional əhəmiyyət daşıyacaq. Filial Dördüncü Sənaye İnqilabı Mərkəzinin məşğul olduğu süni intellekt, rəqəmsal ticarət, robotexnika və sair kimi sahələrdə imkan və təhdidləri təhlil etməli, bu sahəni tənzimləyəcək normaların yaradılmasına töhfə verməlidir.
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq Azərbaycanın müasir texnoloji tərəqqi sahəsində nailiyyətlərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyinə dəlalət edir. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini sürətləndirəcək, eləcə də Azərbaycanın regional liderliyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern