SİYASƏT
İtaliya mətbuatı: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır
Roma, 10 dekabr, AZƏRTAC
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlər üzrə Azərbaycanın vəsatətini təmin etməsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı İtaliyanın “Kmetro0”, “Agenzia Nova”, “Notizie Geopolitiche” və “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məlumatlarda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırdığı, sözügedən qərarın Azərbaycan tərəfindən alqışlandığı və Ermənistanın Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırıldığı qeyd olunub. Habelə bildirilib ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər məhkəmə tərəfindən rədd edilib.
Yazılarda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında ölkəmizin Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcəyini bildirdiyi vurğulanıb. Bu xüsusda, qeyd olunub ki, Azərbaycanın Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla Azərbaycanın beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcəyi diqqətə çatdırılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma