DÜNYA


İtaliyada bir avroya ev

Roma, 10 oktyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romadan təxminən 150 kilometr uzaqlıqdakı Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, xizək kurortlarının yaxınlığında yerləşməsi və özünəməxsus mənzərəsi ilə məşhurlaşan qəsəbədəki 630 binadan 250-si satılacaq. Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin əhalisinin 7 min nəfərdən aşağı düşməsi və bölgənin canlandırılmasıdır. 1930-cu illərdə qəsəbədə təxminən 13 min nəfər yaşayıb.

Bələdiyyə məclisinin üzvü Paolo Di Bacco deyib: “Qəsəbədəki təxminən 630 boş evdən 250-si bir avroya satıla bilər. Məqsədimiz müəyyən vaxt ərzində evlərin hamısında yaşayışı təmin etmək və onları əvvəlki gözəlliyinə qovuşdurmaqdır”.

Di Bacco satış prosedurlarını sürətləndirmək və alıcıları maksimum 3 il ərzində yeni evlərini tez bir zamanda qurmağa təşviq etmək üçün yeni qaydaların tətbiq edildiyini söyləyib. O, evlər üçün depozitin tələb olunmadığını, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamayacaqları təqdirdə, onları 10 min avro cərimənin gözlədiyini bildirib.

Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.

Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.

Xatırladaq ki, daha əvvəl İtaliyanın müxtəlif bölgələrində də bu kimi addımlar atılmış, evlər bir avroya satışa çıxarılmışdı.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.