DÜNYA
İtaliyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 73-ə çatıb
Bakı, 24 avqust, AZƏRTAC
Ötən gecə Mərkəzi İtaliyada baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 73 nəfərə çatıb. Bu barədə İtaliyanın Milli Mülki Müdafiə xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postiloni Romada keçirilən növbəti mətbuat konfransında bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son məlumata əsasən, yerli hökumət Marke bölgəsində 20 nəfərin, Latsio vilayətindəki Akkumoli və Amatriçe şəhərlərində isə 53 nəfərin həlak olduğunu təsdiqləyib.
İmmakolata Postiloninin sözlərinə görə, təbii fəlakət nəticəsində yaralananların sayı 100 nəfərə yaxındır, itkin düşənlərin dəqiq sayını isə hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gecə yerli vaxtla saat 3:36-da Mərkəzi İtaliyada 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanların episentri Akkumoli şəhəri yaxınlığında, yer səthindən 4 kilometr dərinlikdə qeydə alınıb.