DÜNYA


İtaliyadakı seçkilərdə sağ mərkəzçi koalisiya qalib gəlib VİDEO

“İtaliya Qardaşları” Partiyasının rəhbəri Giorgia Meloninin ölkənin ilk qadın Baş naziri olacağı gözlənilir

Roma, 26 sentyabr, AZƏRTAC

İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərdə Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci olub, “İtaliya Qardaşları”, “Liqa”, “İrəli İtaliya” və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya qalib gəlib. Sağçı koalisiya parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çoxluğu əldə edib.

AZƏRTAC xəbər verir ki, italyanlar 19-cu qanunverici orqanın - parlamentin yuxarı palatası olan Senatın və aşağı palata - Nümayəndələr Palatasının yeni üzvlərini seçmək üçün səs veriblər. 50,8 milyondan çox italiyalının səsvermə hüququna malik olduğu seçkilərdə seçici fəallığı 63,9 faiz təşkil edib. Bu, İtaliyada tarixində keçirilən ümumi seçkilərdə seçici fəallığında ən aşağı göstərici kimi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası 26 faiz səslə seçkidə qalib gəlib. Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans - “Demokrat Partiya” səslərin 19,5 faizini, Cüzeppe Kontenin lideri olduğu “Beş Ulduz Hərəkatı” 15 faizini, Matteo Salvininin rəhbərlik etdiyi “Liqa” Partiyası 9 faizini, İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin rəhbəri olduğu “İrəli İtaliya” Partiyası 8 faizini toplayıb.

Beləliklə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya səslərin 44 faizdən çoxunu toplayıb. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya Baş nazirin namizədliyini irəli sürür.

Bildirilir ki, sağ koalisiyanın yer sayı Senatda 114-126, Nümayəndələr Palatasında isə 232-252 arasında olacaq.

45 yaşlı Meloni ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gəlirlər.

Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri seçkilərdə ifrat sağçı partiya ilk dəfə seçkidə birinci olub. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.