İQTİSADİYYAT
İtaliyanın “Agenzia Nova” saytında “Xudafərin” su bəndinin tikintisi ilə bağlı yazı yerləşdirilib
Roma, 5 mart, AZƏRTAC
İtaliyanın “Agenzia Nova” xəbər saytında “Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95 faizi başa çatıb” sərlövhəli yazı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Araz çayı üzərində “Xudafərin” ilə “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinə və istismarına dair yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən olan üzvlərinin iştirakı ilə Energetika Nazirliyində keçirilən iclasdan söhbət açılıb. Bildirilib ki, iclasda “Xudafərin” ilə “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib.
Yazıda komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanovun fikirləri də yer alıb. Diqqətə çatdırılıb ki, “Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95 faizi başa çatıb, “Qız Qalası” üzrə tikinti prosesinin isə gələn il tamamlanması gözlənilir. Sazişin icrasının strateji əhəmiyyətə malik olduğu vurğulanıb.
Həmçinin məqalədə qeyd edilib ki, Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma