SİYASƏT


İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib

Roma, 24 avqust (AZƏRTAC). İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan haqqında məqalə yerləşdirilib.

Məqalədə Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan iqtisadiyyatının uğurlarından, Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edilir.

Müəllif yazır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Cənubi Qafqazda gərginliyin əsas səbəbi olan bu münaqişəyə baxmayaraq Azərbaycan sürətlə inkişaf etməkdədir.

Yazıda, həmçinin cari il avqustun 19-da Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə müzakirə edilən məsələlər və əldə olunan razılıqlar barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan ilə Türkiyə arasında sıx əlaqələr daha da güclənməkdədir. Azərbaycan tərəfindən növbəti 8 il ərzində Türkiyəyə 20 milyard dollar həcmində sərmayə yatırılması planlaşdırılır. Belə bir addımın atılmasında əsas məqsəd iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmini daha da artırmaqdır. Bununla da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün daha geniş imkan yaranacaq.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətləri siyasi, mədəni və digər sahələrdə hər zaman yüksək səviyyədə olub. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində də daim Azərbaycanı dəstəkləyir.

Müəllif, həmçinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan Trans-Adriatik Pipeline (TAP) boru kəməri layihəsi barədə də məlumat verir. Bildirir ki, bu layihə gələcəkdə Azərbaycanın daha da sürətlə inkişaf etməsinə töhfə verəcək. TAP-ın reallaşması ilə Azərbaycanda təkcə enerji sahəsinin deyil, digər sektorların da inkişafı üçün yaxşı imkan yaranacaq.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar: http://www.notiziegeopolitiche.net/?p=43662

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.