İQTİSADİYYAT
İyunda “Səngəçal ES”də 82,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
Bakı, 21 iyul, AZƏRTAC
“Səngəçal Elektrik Stansiyası”nda bu ilin iyun ayında 82,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin I yarımilliyi ərzində isə burada istehsal olunan elektrik enerjisinin həcmi 560,3 milyon kilovat-saata yaxın olub. Elektrik stansiyasında bütün işlər günün tələbləri səviyyəsində qurulub. Bu enerji müəssisəsində istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman, istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib.
Ümumi gücü 300 meqavat olan “Səngəçal Elektrik Stansiyası” 18 aqreqatdan ibarətdir.