CƏMİYYƏT
Jurnalistlər üçün “Uşaq müdafiəsi və media” mövzusunda təlim keçirilib
Bakı, 27 may, AZƏRTAC
“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” İctimai Birliyi (İB) uşaq müdafiəsi və media vasitəsilə bu mövzunun işıqlandırılması ilə bağlı jurnalistlər üçün təlim keçirib.
AZƏRTAC xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30-a yaxın jurnalist iştirak edib.
Təlimdə İctimai Birliyin mütəxəssisi Cavid İmamoğlu və layihə əlaqələndiricisi Sara Ağayeva iştirakçılara BMT-nin uşaqlar üçün alternativ qayğıya dair qaydaları, mediada uşaq problemlərinə dair xəbərlər hazırlanarkən diqqət edilməli olan vacib məqamlar barədə məlumatlar veriblər. Həmçinin qeyd olunub ki, mayın 26-dan iyunun 6-dək media nümayəndələri arasında BMT-nin uşaqlar üçün alternativ qayğıya dair qaydalarının ölkəmizdə tətbiqinə dair məqalə müsabiqəsi elan edilib.
“Uşaq müdafiəsi hər kəsin işidir” şüarı altında keçirilən təlimin əsas məqsədi media vasitəsilə insanlar arasında uşaq müdafiəsi, valideyn himayəsindən məhrum uşaqların mövcud vəziyyəti barədə bilikləri artırmaqdır.
Sonda təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.