DÜNYA
KAZAN ŞƏHƏRİNİN 1000 İLLİK YUBİLEY ŞƏNLİKLƏRİNİN RƏMZİ SEÇİLMİŞDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, martın 18-də Tatarıstan paytaxtında Kazan şəhərinin 1000 illik yubiley şənliklərinin ən yaxşı rəmzi üçün müsabiqəyə yekun vurulmuşdur.
Rusiya Federasiyası Prezidenti yanında heraldika şurasının sədri, dövlət heraldmeysteri və müsabiqənin münsiflər heyəti sədrinin müavini Georgi Vilinbaxovun sözlərinə görə, birinci yer kazanlı rəssam Ayrat Xəlitovun işinə verilmişdir.
Kazan şəhərinin 1000 illiyi ilə bağlı şənliklərin rəsmi rəmzi dairə içərisində çəkilmiş ayparadan, milli naxışlar arasından ucalan və üzərində “Kazan - 2004” yazılmış Süümbikə qülləsindən ibarətdir.
İkinci və üçüncü yerləri də Kazan rəssamları Ravil Zahidullin və Zülfiyyə Tayçina tutmuşlar. Bu rəsmlər də şəhərin yubileyi münasibətilə buraxılacaq suvenirlərin üzərində həkk olunacaqdır.