İQTİSADİYYAT
KOBİA ilə “Ziraat Bank Azərbaycan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində öz məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təşkilatçılığı və “Ziraat Bank Azərbaycan”ın dəstəyi ilə sərgidə mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını, xidmətlərini təqdim etməsi üçün xüsusi stend ayrılıb. Burada mikro və kiçik sahibkarlar istehsal etdikləri meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və sair məhsulları təqdim edirlər.
Qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Ötən il KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “Bakutel 2018” sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. Bu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.
Builki sərgi çərçivəsində, həmçinin KOBİA ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Ziraat Bank Azərbaycan” ASC-nin idarə heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.