DÜNYA
Kaliforniyada yanğınlar: 66 nəfər həlak olub, qurbanların sayının artacağı gözlənilir
Vaşinqton, 16 noyabr, AZƏRTAC
Son məlumatlara görə, Kaliforniya tarixində ən dəhşətli meşə yanğınları nəticəsində həlak olanların sayı 66 nəfərə çatıb. Xəbər verildiyi kimi, bu insanların çoxu ştatın şimalındakı Paradays şəhərinin sakinləridir.
AZƏRTAC xəbər verir ki, Kaliforniyanın cənubundakı Malibu şəhərində də bir neçə nəfər həlak olub. Xilasedicilər təlim itlərindən istifadə etməklə yanmış evlərin xarabalıqları altında və yanmış avtomobillərdə ölənlərin cəsədlərini axtarmaqda davam edirlər. 600-dən çox adam itkin düşmüş hesab edilir. Kaliforniyada yanğınlar nəticəsində məhv olmuş Paradays şəhərinin sakinləri hesab edirlər ki, şəhərin yeni seçilmiş meri Codi Cons istefa verməlidir, çünki onların fikrincə, təxliyə tədbirləri çox xaotik şəkildə həyata keçirilib, sınmış və atılmış avtomobillər yolları bağlayıb.
Kaliforniya Meşə təsərrüfatı və yanğından müdafiə departamentinin Strateji planlaşdırma şöbəsinin rəisi cümə axşamı mətbuat konfransında bildirib ki, həlak olanların sayının artacağı gözlənilir, çünki axtarış komandaları yanğın nəticəsində dağılmış azı 11.862 binada axtarış aparmalıdır.
Qeyd edək ki, ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Aleks Azar Kaliforniyada ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton