ELM VƏ TƏHSİL
Keçən il Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 26 elmi məqalə dərc etdiriblər
Bakı, 22 yanvar, AZƏRTAC
AMEA-nın Rəyasət Heyəti tərəfindən verilən sərəncamların icrası ilə bağlı ötən il Şəki Regional Elmi Mərkəzi (ŞREM) bir sıra tədbirlər həyata keçirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ötən il Şəki Şəhər İcra Hakimiyyəti və ŞREM-in birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximiz” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Cümhuriyyətin yaradılmasının 100 illik yubileyinə həsr edilib. İl ərzində ŞREM-in əməkdaşları tərəfindən “Azərbaycan və Şimali Amerika hindu folkloru” monoqrafiyası, “Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyata keçirilmə texnologiyası” kitabı, “İngilis dilinin tədrisi metodikası”, “Cəbr fənninin “Matrislər və determinantlar” bölməsinin tədrisi”, “Çəkil tinglərinin yetişdirilməsinin tut ipəkqurdlarının yemləndirilməsinə və barama istehsalına dair” metodik vəsaitləri və 3 tədris proqramı nəşr olunub.
Mərkəzdə elmi-tədqiqat işləri ilə yanaşı, nəzərdə tutulmayan bir sıra istiqamətlər üzrə araşdırmalar aparılıb və müvafiq fondlara təqdim edilib.
ŞREM-in əməkdaşları 2018-ci ildə 17 konfransda iştirak ediblər ki, bu konfranslarda onların 23 tezisi çap olunub. Bundan əlavə, il ərzində mərkəzin əməkdaşlarının 26 elmi məqaləsi (2-si xaricdə olmaqla) dərc edilib.