REGİONLAR
Kənd təsərrüfatı naziri Ağsuda fermerlərlə görüşüb
Ağsu, 11 may, AZƏRTAC
Mayın 11-də Ağsuda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının inzibati binasında keçirilən müşavirədə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Əvvəlcə Ağsu şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Prezidentimizin həyata keçirdiyi aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri icra olunur. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiyalar verilir. Həmçinin dövlət tərəfindən aqrar sahədə texnika təminatla bağlı güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.
Nazir Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib.
Fermerlər məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisid və pestisidlər, texnika ilə təminata dair fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.
Müşavirədə ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov aprel-may aylarında Saatlı, Sabirabad, Ucar, Qəbələ, Salyan, Neftçala, İsmayıllı rayonlarında fermerlərlə səyyar görüşlər keçirib. Fermerlərlə səyyar görüşlər davam edəcək.