REGİONLAR
Kənd təsərrüfatı naziri Aqrar Universitetdə yeni dərs ilinin açılışında iştirak edib
Gəncə, 17 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim və tələbə heyəti 2018-2019-cu tədris ilində ilk dərs gününün sevincini yaşayıblar.
Kənd təsərrüfatı naziri İnam Kərimov və nazirliyin müvafiq strukturlarının rəhbərləri, eləcə də Aqrar Universitetin professor-müəllim, tələbə heyəti, valideynlər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor Kənd Təsərrüfatı Nazirliyinin universitetin maddi-texniki bazasının müasirləşdirilməsinə və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə verdiyi dəstəkdən danışıb, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələrindən, qarşıda duran vəzifələr və onların icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolundan söz açıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrini qeyd edib, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb.
Sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb.
Nazir Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki Fiziologiyası laboratoriyasının açılışında iştirak edib, Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının, Patoloji Anatomiya Muzeyinin iş fəaliyyəti ilə, eləcə də universitetdə yaradılan heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, həmçinin Tələbə Yataqxana Kompleksi və Aqrotexnologiya korpusu ilə tanış olub.