CƏMİYYƏT
“Kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakının təşviqi” adlı layihənin iştirakçılarına sertifikatlar verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının “Kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakının təşviqi” adlı birgə layihəsinin Neftçala və Salyan rayonlarında icraatına dair baxış təşkil olunub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Salyan Rayon icra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Neftçala Rayon icra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova, BMT-nin Azərbaycandakı ofisinin nümayəndəsi Alessandro Frakassetti və rayonların fəal qadınlarının iştirakı ilə keçirilib.
Tədbir iştirakçıları Qadın Resurs Mərkəzlərində yaradılmış iş şəraiti ilə tanış olublar. Mərkəzlərdə rayonda fəaliyyət göstərən, kiçik bizneslə məşğul olan qadınların hazırladıqları məhsulların nümayişi təşkil edilib. Bildirilib ki, qadınların iqtisadi və sosial həyatda iştirakına dair texniki yardım layihəsi çərçivəsində Salyan rayonunda 5 yeni sahibkarlıq obyekti yaradılıb.
Qadın Resurs Mərkəzlərinin rəhbərləri və digər ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılıb. Onların tələb və təklifləri nəzərə alınaraq, Komitə rəhbərliyi, digər qonaqlar tərəfindən bəzi tövsiyələr verilib. Görüşdə layihədən yararlanan qadınlara sertifikatlar təqdim olunub.