REGİONLAR
Kəngərli rayonunda təşkil edilən “Ailə təsərrüfatı məhsulları” festivalına 195 adda məhsul çıxarılıb
Kəngərli, 13 noyabr, AZƏRTAC
Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin aparıcıları muxtar respublikada ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə ətraflı məlumat veriblər.
Festivala 70-ə yaxın ailə təsərrüfatı tərəfindən 195 adda 4 min 200 qablaşdırılmış müxtəlif məhsullar çıxarılıb. Mövsümə uyğun olaraq müxtəlif növ mürəbbə və şirniyyatlar, qovurma, pendir, qatıq, cəviz, badam, təbii meyvə şirələri, üzümdən hazırlanmış şərab, meyvə araqları, eləcə də turşular, kompotlar, quru meyvələr, dərman bitkiləri və meyvə-tərəvəz məhsulları iştirakçılara təqdim edilib.
Ailə təsərrüfatı sahibləri onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra daha çox məhsul istehsal edəcəklərini vurğulayıblar.
Rayonun mədəniyyət kollektivlərinin ifa etdikləri rəngarəng musiqi nömrələri, qədim xalq rəqsləri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.