CƏMİYYƏT
Keyfiyyətsiz toyuq əti məhsulları idxal edən vəzifəli şəxslər barədə cinayət işi başlanıb
Bakı, 5 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan tələbatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti məhsulları idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkarlanıb və həmin məhsullar satışdan kənarlaşdırılıb. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
İqtisadiyyat Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, araşdırmalar zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsullarının gətirilməsi ilə məşğul olan “OMEQA” MMC-nin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan “Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq əlaqəli şəkildə istehlak bazarında əhalinin sağlamlığına ziyan vuran və keyfiyyətsiz məhsulların istehsal və idxal olunmasının, gizli yollarla süni qiymət artımı hallarının qarşısının alınması, belə məhsulların satışdan kənarlaşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qanunla nəzərdə tutulmuş ən kəsərli tədbirlərin həyata keçirilməsini bundan sonra da davam etdirəcək.