İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib
Bakı, 24 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Fransada dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə yığması ilə üz-üzə gələcək millimizin heyəti açıqlanıb.
Millimizin heyətində Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Əlizadə, Vadim Kutukov, Elmin Alışanov, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov və Kənan Allahverdiyev yer alıblar.
Azərbaycan-Türkiyə oyununu portuqaliyalı baş hakim Helio Ormonde idarə edəcək. Ona xorvatiyalı Milan Raykoviç kömək edəcək.
“A” qrupunda yer alan millimiz Türkiyə yığması ilə yanaşı, Almaniya, Ukrayna, Fransa və İslandiya komandaları ilə qarşılaşacaq.
Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.
Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.