MƏDƏNİYYƏT
Kitabxana Nəriman Həsənzadənin 90 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb
Bakı, 18 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Nəriman Həsənzadənin 90 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şairin həyat və yaradıcılığı haqqında məlumat verilir və “Nərdivan” şeiri səsləndirilir. Şairin yubileyi ilə əlaqədar videoməlumatlar kitabxananın sosial şəbəkələrdəki səhifələrində paylaşılır.
Şairin Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tiflisdə “Seçilmiş əsərləri” nəşr edilib. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində, Tbilisidə gürcü dilində nəşr olunub.
Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır. Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi, ədəbi-tənqidi məqalələr kitabının müəllifidir.
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq şairini 90 illik yubileyi münasibətlə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib və ona təbrik ünvanlayıb.