CƏMİYYƏT
Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində bu ölkədə fəaliyyət göstərən qırğız diasporunun nümayəndələri ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə UAR baş katibi Ceyhun Məmmədov, Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayılov, qırğız diasporunun rəhbəri Şerali Janaliev və "Amin Trading" şirkətinin qurucusu Suyunbek Mirzakanov iştirak ediblər.
Danışıqlar zamanı diasporlararası əlaqələrin gücləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, “Fikirdə, sözdə və işdə birlik” ideyası ətrafında türkdilli ölkələrin diasporlarının bir araya gəlməsinin, diaspor quruculuğu sahəsindəki təcrübə və imkanlar mübadiləsinin vacib olduğu vurğulanıb.
“Türk Şurası çərçivəsində əməkdaşlığımızı artırmalı, layihələr həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq”, - deyə A.İsmayılov vurğulayıb.
Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsinin ildönümünün yaxınlaşdığını diqqətə çatdıran C.Məmmədov qonaqları sentyabrın 27-də UAR-ın ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.