MƏDƏNİYYƏT
Kiyevdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert təşkil edilib
Kiyev, 10 noyabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə dəstəyi ilə reallaşan konsert Kiyev Opera Teatrında keçirilib.
Konsertdə Ukraynanın vilayətlərində yaşayan azərbaycanlılar da iştirak ediblər. Ukraynanın tanınmış müğənnisi, Xalq artisti, dünya şöhrətli maestro Vladimir Qrişkonun iştirakı ilə keçirilən konsertin açılışında o, azərbaycanlıları bayraq günü münasibətilə təbrik edib.
Konsert M.Maqomayevin “Ey əziz anam Azərbaycan” mahnısı ilə başlayıb. Konsert boyunca M.Maqomayevin repertuarından mahnılar səsləndirilib.
Sonda Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edərək hər iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xidmətinə görə Vladimir Qrişkoya təşəkkür ediblər.
Qeyd olunub ki, bu gün azərbaycanlılar üçün ikiqat bayramdır. Həm dövlət bayrağımızın 100 illiyidir, həm də dünya şöhrətli sənətkarımız M.Maqomayevin xatirəsi anılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev