SİYASƏT


Klemens Piq: Böyük nüfuza malik AZƏRTAC ilə aramızda uzun illərə söykənən əməkdaşlıq mövcuddur VİDEO

Vyana, 9 oktyabr, AZƏRTAC

Böyük nüfuza malik olan AZƏRTAC ilə Avstriyanın APA agentliyi arasında uzun illərə söykənən qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Biz, həmçinin EANA çərçivəsində sıx əməkdaşlıq edirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) yeni prezidenti seçilən Avstriya Mətbuat Agentliyinin (APA) rəhbəri Klemens Piq söyləyib.

Klemens Piq ona göstərilən etimada, bu mötəbər vəzifəyə seçilməsinə göstərdiyi dəstəyə və səmimi təbriklərinə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edib.

EANA və qarşıda duran vəzifələr barədə danışan Klemens Piq bildirib ki, EANA bütün Avropanı əhatə edən, 32 üzv agentliyi birləşdirən qurumdur. Onun üzvləri dövlət və ya özəl sektoru təmsil etməklə yanaşı, əhatə dairələrinə görə milli, beynəlxalq və regional olmaqla fərqli strukturlara malikdirlər. Ərazicə kiçik və böyük ölkələri təmsil edən agentliklərin bu birliyi fərqlilik və müxtəliflik üzərində qurulub, ortaq cəhət hamının doğru və tərəfsiz xəbərçilik uğrunda çalışmasından ibarətdir. Bu dəyərlər EANA üzvlərini birləşdirir və onu təkrarolunmaz edir.

Alyansın yeni rəhbəri qeyd edib ki, hazırda xəbər agentlikləri çoxsaylı çağırışlarla üz-üzədir. Bir tərəfdən media və xəbər agentliklərini əhatə edən rəqəmsal transformasiya, digər tərəfdən isə koronavirus pandemiyası və onun yaratdığı böhranın bütün təsirləri fəaliyyət prosesində hiss olunur: “Bu, newsroomda gündəlik işin təşkilindən tutmuş xəbər agentliklərinin fəaliyyətinin iqtisadi və hüquqi aspektlərinə kimi geniş sahəni özündə ehtiva edir. EANA-nın yeni idarə heyətinin vəzifəsi ondan ibarət olacaqdır ki, spektrləri təmsil edən agentlikləri vahid hədəflərə doğru aparsın və bu yolla hamının birlikdə güclü olmasını, fərqli mövzular üzrə işin qurulmasını təmin etsin”.

AZƏRTAC ilə əlaqələrə toxunan Klemens Piq deyib: “Böyük nüfuza malik olan AZƏRTAC ilə uzun illərdən bəri həm EANA çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıq edirik. Biz xəbər agentliklərinin gələcəyi və bu gələcəyin qurulması istiqamətində mütəmadi olaraq ünsiyyətdəyik. AZƏRTAC hər zaman xəbər agentliklərinin fəaliyyəti ilə bağlı çərçivə şərtlərinin qurulması istiqamətində aparılan müzakirələrdə bizim mühüm tərəf müqabilimizdir. Əminəm ki, bizim əməkdaşlığımız qarşıdakı illərdə daha da intensivləşəcək. Çünki gələcəklə bağlı mürəkkəb çağırışların öhdəsindən birlikdə gələ bilməyimiz üçün biz Avropa xəbər agentlikləri olaraq daha sıx birləşməliyik”.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.