İQTİSADİYYAT


Komitə: Yeni binada mənzil almaq istəyənlər çıxarışın mövcudluğunu onlayn öyrənə bilər

Bakı, 8 fevral, AZƏRTAC

Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib-verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, bu, komitə tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür. Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür.

Xidmətin əsas üstünlüyü odur ki, istənilən şəxs seçdiyi mənzilə dair çıxarışın olub-olmadığını əvvəlcədən vaxt itirmədən, onlayn formada öyrənir. Bununla da mənzil aldıqdan sonra vətəndaş və tikinti şirkətləri arasında qeydiyyat zamanı yarana biləcək problemlərin qarşısı alınır. Daşınmaz əmlaka dair çıxarışın mövcudluğundan əmin olduqdan sonra etibarlı və leqal mənzil alan şəxs gələcəkdə əmlakından rahatlıqla istifadə edə bilir. Bu xidmət vətəndaşların mənzil alarkən əlavə ünvanlara müraciətinin qarşısını alır, eləcə də vətəndaş-məmur ünsiyyətini minimuma endirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.