İDMAN
Könül Nurullayeva: İdmançılarımıza ali səviyyədə dəstək yeni qələbələrə stimul verir
Bakı, 10 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Konya Hava Limanından dərhal idmançılarımızla görüşə gəlməsi ali səviyyədə dəstəyin növbəti nümunəsidir. Çünki dövlətimizin başçısı hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşür, onlara dəstək nümayiş etdirir. Nəzərə alsaq ki, idman həm də əhval-ruhiyyədir, bu mənada, Prezident İlham Əliyevin idmançılarımızla görüşü onların yeni-yeni qələbələr qazanmasına stimul verir. Təcrübə də göstərir ki, idman sahəsində uğuru şərtləndirən əsas amillərdən biri dövlətin idmana və idmançılara göstərdiyi qayğıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputatın sözlərinə görə, bu gün idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir. Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları fərqlənir və bayrağımızı uca tuturlar.
"İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil edirlər. İslamiadanın ilk günlərində 1 qızıl medal və 1 bürünc medal qazanan Azərbaycan idmançıları çox peşəkar performans sərgiləyirlər.
Azərbaycan, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının layiqli ev sahibi kimi tarixə düşüb. Eyni zamanda, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında komandamız çox gözəl nəticə göstərərək komanda hesabında birinci oldu. Beş il əvvəl İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət Azərbaycan təcrübəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. lV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görüldü”, - deyə K.Nurullayeva qeyd edib.
Deputat məhz Bakının ev sahibliyindən sonra İslamiadaya marağın daha da artdığını vurğulayaraq deyib: “Oyunların Konyada da eyni coşqu ilə davam edəcəyinə əminəm. Dövlətimizin başçısının da söylədiyi kimi, bu İslamiadanın qardaş Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Eyni zamanda, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edirlər. Dövlətimizin başçısının da söylədiyi kimi, döyüş meydanlarında qazanılmış Qələbə idman yarışlarında da özünü əks etdirir.
Bu gün Azərbaycan uğurlu idman ölkəsidir. Ümumiyyətlə, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir.
İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində daha bir qələbə xəbəri aldıq. Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” “Ferensvaroş”u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi. Futbolçularımız layiqli qələbə qazandılar. Bütün idman növləri üzrə uğurlarımızın davamlı olacağına əminik".