DÜNYA
Kopenhagendə vaxtı keçmiş məhsullar satan mağazalar şəbəkəsi açılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə yüksək tələbat olan və istifadə müddəti bitmiş məhsulların satışını həyata keçirən mağaza açılıb. İlk belə supermarket ilin əvvəlində “Wefood” layihəsi çərçivəsində şəhərin Amager rayonunda açılmışdı.
AZƏRTAC “Lenta.ru”ya istinadla xəbər verir ki, qiymətləri ucuzlaşdırılmış bu supermarket xüsusən evdar qadınlar və pensiyaçılar tərəfindən bəyənilir.
“Məgər bu əla deyil? Konfetlər satışda yüz il də qala bilər, onlara heç nə olmaz, çünki tərkibində şəkər var", - Milad bayramı üçün nəvələrinə hədiyyə konfet alan təqaüdçü deyir.
Bütün məhsullar istehsalçılardan, təchizatçılardan və digər supermarketlərdən pulsuz təqdim olunur. Danimarkada istifadə vaxtı ötmüş ərzaq məhsulları sağlamlıq üçün birbaşa təhlükə yaratmırsa, onların satışına qadağa qoyulmur.
Hazırda istifadə müddəti bitmiş məhsulların tullanmaması təcrübəsi Avropada getdikcə daha da populyarlaşır. Belə ki, bu ilin fevralında Fransada supermarketlərə vaxtı keçmiş məhsulları tullamaq qadağan edilmişdi.